Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində qəzalı vəziyyətdə olan binaların sakinləri ilə görüş keçirilmişdir

16 aprel 2016 | 16:00
16 aprel 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində qəzalı vəziyyətdə olan binaların sakinləri ilə görüş keçirildi.
Görüşün keçirilməsində məqsəd sakinlərə yaşadıqları binaların sökülməsi və yerində yeni binaların tikilməsi ilə bağlı məlumatların verilməsi və onları narahat edən məsələlərə aydınlıq gətirilməsi idi.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Bakı şəhəri rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 №-li qərarı ilə sakinləri məlumatlandıraraq, 5 il ərzində Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sökülməsinin nəzərdə tutulduğunu, mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıdığını bildirdi.
Həmçinin rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdiriləcəyini, yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsinin və yenidən qurulmasının da həyata keçiriləcəyini diqqətə çatdırdı.
Sonra sakinlərə bildirildi ki, tikinti şirkəti tərəfindən yeni yaşayış binası tikilənədək onların müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi həyata keçiriləcək və yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunacaqlar.
Qeyd edək ki, Nizami rayonu, Q.Qarayev prospekti, Özbəkistan, T.Abbasov və A.Manafov küçələrinin kəsişməsindəki 2452-ci  və Ş.Mirzəyev və M.Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllələrdə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "Vesta Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir.
Hazırda ilkin olaraq 6 binanın sökülməsi işlərinin həyata keçirilməsi planlaşdırılıb.

Keçidlər