Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda konfrans keçirilmişdir

22 aprel 2016 | 16:00
22 aprel 2016-cı il tarixində Nizami rayonu, 201 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində "Azərbaycan Səfəvi hökmdarı – I Şah Abbas” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransda layihənin rəhbəri, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək, dövlətçilik tariximizdən, tarixi şəxsiyyətlərimizdən, tarixdə mövcud olmuş imperiyalarımızdan söz açmışdır. O, Azərbaycanın 5 min illik dövlətçilik tarixinin və Azərbaycan xalqının dünya tarixində ən qüdrətli şəxsiyyətlər yetişdirmiş bir xalq olduğunu vurğulayaraq, xalqımızın orta əsrlərin böyük dövlətlərini – Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi imperiyalar yaratdığını diqqətə çatdırmışdır.
Y.Mahmudov Səfəvi hökmdarı Şah Abbas haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermiş və Şah Abbasın "Tarixe-aləmaraye-Abbasi" əsərinin Səfəvilərin hərbi-siyasi, xüsusilə Azərbaycan Səfəvi döyüşçülərinin cəngavərlik tarixini və xalqımızın hərbi sərkərdəlik keçmişini öyrənmək üçün misilsiz bir mənbə olduğunu söyləmişdir.
Həmçinin Y.Mahmudov "Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Səfəvi dövlətinin Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildiyini qeyd etmişdir.
Konfransda daha sonra layihənin təşkilat komitəsinin sədri Araz Şamil, tarixçi-alimlər Tofiq Nəcəfli, Şahin Fazil, Zabil Bayramlı, Dilavər Əzimli, Mübariz Ağalarlı, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, 201 nömrəli tam orta məktəbin direktoru Süsən Salmanova çıxış etmişlər.
Konfransda məktəblilərin ifasında səhnəcik təqdim edilmiş, Səfəvi Hökmdarı I Şah Abbasa həsr olunmuş referat və rəsm əsərlərinindən ibarət müsabiqənin qaliblərinə isə diplom və tərifnamələr təqdim olunmuşdur.
Qeyd edək ki, "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində konfranslar 2015-ci ilin aprel ayından keçirilir. Bu layihə çərçivəsində 11 fevral 2016-cı il tarixində 272 №-li tam orta məktəbdə “Vətən qeyrətli qadın hökmdarımız – Tomris” mövzusunda konfrans keçirilmişdir.

Keçidlər