Prezident cənab İlham Əliyev Nizami rayonunda 8-ci Kilometr qəsəbəsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağının istifadəyə verilməsi mərasimində iştirak edib
04 may 2016 | 16:00
04 may 2016-cı il tarixində Nizami rayonunda 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvanski küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağı istifadəyə verilib.
Prezident cənab İlham Əliyev dayanacağın rəmzi açılışını bildirən lenti kəsdi.
Avtodayanacaqla tanış olan dövlət başçısı İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək. Buradan Heydər bağına gözəl mənzərə açılır. Bildirildi ki, dayanacaqda 391 avtomobili eyni vaxtda parklamaq mümkündür. Avtodayanacaq naviqasiya, avtomat yanğınsöndürmə sistemləri ilə təchiz olunub.
Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.
http://www.president.az/