Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir
05 may 2016 | 16:00
05 may 2016-cı il tarixində 62 nömrəli məktəb-liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru” adlı ümumrayon tədbiri keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycanın yeni tarixində müstəqil dövlət ideyasının məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlı olduğunu, ümummilli liderin Azərbaycanı inkişaf yoluna çıxardığını, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdığını qeyd etdi. O, ulu öndərin həyat və fəaliyyətinin tarix üçün bir nümunə olduğunu, xalqımıza böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı miras qoyub getdiyini söyləmişdir.
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışaraq, ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən ulu öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutduğunu, Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışdığını diqqətə çatdırmışdır.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alındığını, respublikanın parçalanması təhlükəsinin aradan qalxdığını, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandığını, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlandığını, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməlinin qoyulduğunu bildirmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov, 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətinin Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini, Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağını söyləmişlər.
Çıxışlardan sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş futbol, voleybol, həndbol, breyn-ring, cüdo, karate, üzgüçülük, basketbol, bədii gimnastika, şahmat və şeir yarışları üzrə birinci yerin qalibləri mükafatlandırılaraq, onlara kuboklar, medallar və diplomlar təqdim edilmişdir. Eyni zamanda, Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” mövzusunda rəsm və inşa müsabiqələrinin qalibləri də mükafatlandırılmışlar.
Daha sonra, bir qrup gənc YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərman və keçirilmiş idman yarışlarında dəstəyinə görə Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmiş, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində və onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikat təqdim olunmuşdur.
Tədbirin sonunda 62 nömrəli məktəb-lisey kollektivinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim edilmiş, “DAHİ” adlı flaşmob keçirilmişdir.