Nizami rayonunda “Biz həyatı seçirik!” mövzusunda tədbir keçirilmişdir
19 may 2016 | 16:00
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası tərəfindən Bakı Şəhər Narkoloji Dispanseri ilə birgə 2016-cı il may ayının 19-da Keşlə qəsəbəsindəki 328 №-li orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Biz həyatı seçirik!” adlı tədbir keçirilmişdir.
Tədbirdə narkomanlığın və narkotik vasitələrin insan sağlamlığına vurduğu ağır yaralar, ondan qorunma yolları, bəşəriyyətin ən ağrılı problemi olan bu sosial bəlaya qarşı birgə mübarizə aparılmasının vacibliyi müəllim və şagirdlərin çıxışlarında xüsusilə vurğulanmış, narkotik vasitələr, habelə narkotərkibli bitkilər haqqında iştirakçılara geniş məlumatlar verilmişdir.
Tədbirdə həmçinin narkomanlıqdan bəhs edən video-çarx göstərilmiş, şagirdlərin hazırladığı “Narkotiklər - əvvəli həzz, sonu ölüm!” adlı səhnəcik nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova, 328 №-li orta məktəbin direktoru Leyla Baxşiyeva, 328 №-li orta məktəbin biologiya müəllimi Sevil İsayeva, Bakı şəhər Narkoloji Dispanserinin həkim-psixoloqu Vəfa Quliyeva çıxış edərək keçirilən tədbirin yeniyetmə-gənclər arasında sağlam həyat tərzinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, məktəbliləri zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə, mənəvi və fiziki sağlamlıqlarını daim qorumağa, idmanla məşğul olmağa çağırmışlar.
Sonda iştirakçılar məktəbin foyesində təşkil olunmuş narkomaniya və onun fəsadlarından bəhs edən rəsm sərgisinə baxmışlar.