Nizami rayonunda “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirilmişdir
19 may 2016 | 16:00
19 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və 220 №-li məktəb-liseyin təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” adlı ədəbi-bədii tədbir təşkil olunmuşdur.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq qeyd etmişdir ki, ölkəmizdə multikultural ənənələr tarixin bütün mərhələlərində qorunub saxlanılmışdır. Müstəqillik dövründə isə bu dəyərlər daha da inkişaf etdirilmiş və dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Dinindən, dilindən və sosial-ictimai mənşəyindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir xalq, etnik qrup və ya icma bütün vətəndaşlıq hüquqlarından yararlanır, respublikamızın tərəqqisi naminə işləyir, yaradıcılıqla məşğul olur. Azərbaycanda hər bir xalqa, etnik qrupa və ya icmaya məxsus olan adət-ənənənin qorunması, inkişaf etdirilməsi üçün bütün lazımi şərait vardır və bu sahədə onlara dəstək verilir, köməkliklər göstərilir. Multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi önəm verdiyi sahələrdən biridir və bu istiqamətdə aidiyyəti dövlət qurumları qarşısında mühüm tapşırıqlar qoyulmuşdur. Cənab Prezidentimizin “Multikulturalizmin alternativi yoxdur”, – sözləri bütün dünyaya bir mesajdır və bu gün yaradılmış multikulturalizmin Azərbaycan modeli artıq dünya tərəfindən qəbul olunur.
Gülnaz İsrafilova çıxışında həmçinin onu da vurğulamışdır ki, bugünkü tədbirimiz rayonda “Multikulturalizm ili” çərçivəsində keçirilən növbəti tədbirlərdən biridir. Tədbirin özəlliyi ondan ibarətdir ki, multikultural dəyərlər və müxtəlif mədəniyyət nümunələri yalnız uşaqların gözü ilə təqdim olunur.
1 saylı Uşaq Evinin direktoru Nərminə Zöhrabova, 220 №-li məktəb-liseyin direktoru Nərminə Ağayeva və Təhsil Nazirliyinin İKT Təhsil Mərkəzinin əməkdaşı Şəlalə Məhərrəmova çıxış edərək bildirmişlər ki, hər bir xalqın mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşılması, onların inkişafına qayğı və dəstək göstərilməsi Azərbaycançılıq ideologiyasının əsas prinsipidir.
Çıxışlardan sonra məktəb-liseyin şagirdləri 1 saylı Uşaq Evinin sakinləri ilə birgə hazırladıqları müxtəlif xalqların milli geyimlərində folklor və rəqs nümunələrindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirmiş, həmçinin tədbir iştirakçıları tərəfindən milli mətbəx nümunələrindən təşkil edilmiş sərgiyə baxış keçirilmişdir.