Nizami rayonunda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir
31 may 2016 | 16:00
31 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Rayon Mədəniyyət Mərkəzi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi ilə birgə rayon ərazisində fəaliyyət göstərən Ağdam 73 nömrəli köçkün məktəbində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdlər üçün bayram şənliyi təşkil edilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq bildirmişdir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınmışdır. Bu gün dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
G.İsrafilova uşaqlara qayğı göstərilməsinin və onların müdafiə olunmasının, həmçinin hüquqlarının qorunmasının dövlətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğulamış, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşanan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara böyük diqqət və qayğı göstərildiyini qeyd etmişdir.
Tədbirdə çıxış edən Ağdam 73 nömrəli köçkün məktəbinin direktoru Gülşən Əliyeva, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin müdiri Rəna İbrahimova bayram münasibətilə uşaqları təbrik etmiş, onlara təhsildə uğurlar diləmişlər.
Sonra uşaqlar üçün musiqili-əyləncəli kompozisiya təqdim olunmuş və onlara hədiyyələr verilmişdir.