Nizami rayonunda “Fitnə” sənədli filminin təqdimatı keçirilmişdir
07 iyun 2016 | 16:00
7 iyun 2016-cı il tarixində Bakı Texniki Kollecində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyətinin, o cümlədən gənclərin iştirakı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilmişdir.
Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq sənədli film haqqında məlumat vermiş və qeyd etmişdir ki, gəncləri dini radikalizm təsirlərindən qorumaq sahəsində aparılan işlərdə bu sənədli filmin böyük maarifləndirici əhəmiyyəti olacaqdır.
Sonra “Fitnə” sənədli filmi nümayiş edilmişdir.
Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şöbəsinin əməkdaşı Xalid Məmmədov, “Sahib-Əz-Zaman” məscidinin axundu Hacı Natiq İsayev, Qarabağ müharibəsi əlili İzzət Şirinov və Bakı Texniki Kollecinin direktoru Fərrux Məmmədov filmin əhəmiyyətini qeyd edərək yeniyetmə gənclərə dini radikalizm təsirlərindən qorunmağa dair tövsiyələrini vermişlər.