Nizami rayonunda "Multikulturalizm ili" çərçivəsində "Azərbaycan hamımızın vətənidir" adlı rayon tədbiri keçirilmişdir
08 iyun 2016 | 16:00
8 iyun 2016-cı il tarixində 145 nömrəli orta məktəbdə rayon ictimaiyyətinin iştirakı ilə "Multikulturalizm ili" çərçivəsində "Azərbaycan hamımızın vətənidir" adlı rayon tədbiri keçirilmişdir.
Tədbirdə Mili Məclisin deputatları Sədaqət Vəliyeva və Mixail Zabelin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov iştirak etmişlər.
İlk öncə iştirakçılar məktəbin foyesində təşkil edilmiş bölgələr üzrə milli mətbəx nümunələrindən ibarət sərgiyə baxmışlar.
Tədbiri giriş sözü ilə açan 145 nömrəli orta məktəbin direktoru Laləndar Hasilova 2016-cı ilin "Multikulturalizm ili" elan olunması ilə bağlı məktəbdə bir sıra tədbirlər təşkil edildiyini, bugünkü tədbirin isə Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirildiyini və Azərbaycanda yaşayan müxtəlif millətlərin adət-ənənələrinə, milli folkloruna geniş yer verildiyini diqqətə çatdırmışdır.
Sonra 145 nömrəli orta məktəbin şagirdlərinin ifasında Azərbaycan Respublikasının 12 bölgəsi üzrə, o cümlədən azsaylı xalqların məişətindən, milli folklor və rəqslərindən ibarət nümunələr göstərilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış etmiş və "Multikulturalizm ili" çərçivəsində keçirilən tədbirlərdə məktəbin fərqlənən bir qrup şagirdini hədiyyələrlə mükafatlandırmışlar.
Tədbirdə həmçinin 145 nömrəli orta məktəblə qardaşlaşmış Ağstafa şəhər 1 nömrəli orta məktəbin şagirdləri də iştirak etmiş, onlara xatirə hədiyyələri verilmişdir.