Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

09 iyun 2016 | 16:00
09 iyun 2016-cı il tarixində YAP Nizami rayon təşkilatında Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatı ilə birgə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının ideya əsasıdır” adlı tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 23 il keçdiyini xatırladaraq, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qaldığını vurğulamışdır. Qurtuluş məfkurəsinin Azərbaycanın uğurlu inkişafının ideya əsası olduğunu qeyd edən Sədaqət Vəliyeva ulu öndər Heydər Əliyevin tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olduğunu bildirmişdir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən Vüqar Rəhimzadə qeyd etmişdir ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
“Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaradıb və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olub”, – deyə bildirən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov vurğulamışdır ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaratmışdır.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açmış, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının (DİA) dosenti, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Nizami Rayon Veteranlar təşkilatının sədri Yəhya Ağayev və digər natiqlər 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışlar.
Tədbirin sonunda ictimai-siyasi aktivliyinə, veteranlarla aparılan işə, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi prosesinə verdiyi töhfələrinə görə YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyevaya və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovaya Azərbaycan Respublikası Veteranlar Təşkilatının “Vətən həmrəyliyi” medalı, eləcə də bir qrup gəncə döş nişanları və vəsiqələr təqdim edilmişdir.
Eyni zamanda, YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın yaradıcısı, müasir Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində və onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikatla təltif olunmuşdur.
Həmçinin partiya sıralarına yeni daxil olmuş üzvlərə vəsiqələr, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev irsini öyrənirik” məktəbinin məzunlarına sertifikat və fəxri fərmanlar təqdim edilmişdir.
Tədbirin sonunda Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirmələri ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şeirlər səsləndirmişlər.

 

Keçidlər