Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilmişdir

23 iyun 2016 | 16:00
23 iyun 2016-cı il tarixində “Astoria” istirahət mərkəzində 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov açaraq, dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. C.Qafarov Dövlət Qulluqçularının Peşə Bayramının ölkəmizdə artıq on birinci ildir ki, təntənə ilə qeyd olunduğunu bildirmiş və bu günün BMT Baş Assambleyası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq ölkə başçısı cənab İlham Əliyev bu tarixin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı günü elan edilməsi ilə bağlı 2006-cı il 25 may tarixli sərəncam imzaladığını qeyd etmişdir. C.Qafarov bu əlamətdar tarixin dövlət qulluqçularının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olduğunu və məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradıldığını bildirmişlər.
Natiqlər çıxışlarının sonunda dövlət qulluqçularını təbrik etmiş, öz ürək sözlərini bildirərək, onlara işlərində uğurlar arzulamışlar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edərək, ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri kimi 2000-ci ildə qəbul edilən “Dövlət qulluğu haqqında” Qanunun olduğunu bildirmiş və bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğunu, bu sahədə kadr siyasətinin əsas prinsiplərinin, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələrinin müəyyənləşdirdiyini diqqətə çatdırmışdır.
A.Qasımov “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmiş Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanovu təbrik etmiş, ona cansağlığı və işlərində uğurlar arzulamışdır.
Sonra A.Qasımov tədbir iştirakçılarını peşə bayramı münasibətilə təbrik edərək  qulluqda fərqlənən dövlət qulluqçularını mükafatlandırmışdır.
Tədbir Nizami Rayon Mədəniyyət Mərkəzi kollektivinin təşkil etdiyi konsert proqramı ilə davam etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər