Nizami rayonunda çağırışçılar həqiqi hərbi xidmətə yola salınmışlar
01 iyul 2016 | 16:00
01 iyul 2016-cı il tarixində Nizami rayonunun Heydər Bağı Park-Bulvarında çağırışçıların həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatlar, övladlarını ordu sıralarına yola salmağa gələn valideynlər iştirak etmişlər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmış, sonra Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış etmişlər.
İlk öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin rəisi, polkovnik Rövşən Babayev son illərdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açmış, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini və respublikamızın regionda ən güclü orduya malik ölkəyə çevrildiyini qeyd etmişdir. O, hərbi xidmətə çağırışla bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamının ilə bağlı görülən işlərdən danışmış və çağırışçılara hərbi xidmətdə uğurlar arzulamışdır.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını bildirmiş, çağırışçılara hərbin sirlərinə dərindən yiyələnməyi və Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə etmişlər.
Çağırışçılar adından danışan Səbuhi Əhmədzadə Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirəcəklərinə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qoruyacaqlarına söz vermişdir.
Çağırışçı Lətif Məsimlinin valideyni Anar Vəziroğlu bu günün onlar üçün qürurverici bir gün olduğunu və hər bir valideynin övladlarının hərbi xidmətə yollanmasından böyük fərəh hissi keçirdiyini qeyd edərək, hərbi xidmətə yola salınan gənclərə cəsarətli olmağı, qətiyyətlə və vicdanla Vətənə xidmət etməyi arzulamışdır.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirərək, gəncləri torpaqlarımızın keşiyində mətanətlə və ayıq-sayıq dayanmağa çağırmış, onlara Vətənə xidmətdə uğurlar arzulamışdır.
Mərasimin sonunda çağırışçı gənclər musiqi sədaları altında Azərbaycan bayrağının altından keçərək hərbi xidmətə yola salınmışlar.