Nizami rayonunda polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir
02 iyul 2016 | 16:00
02 iyul 2016-cı il tarixində Nizami Rayon Polis İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məhz təqvimin bu günü Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə müstəqil Azərbaycanın polis orqanı yaradıldığını qeyd etmiş və Azərbaycan polisinin hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini, asayişin, sabitliyin və əmin-amanlığın qorunması kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini bildirmişdir. Ölkəmizdə 2 iyul Azərbaycan Polisi Günü kimi qeyd olunmasının isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran A.Qasımov, 1998-ci il 24 may tarixli fərmanı ilə bu günün Azərbaycan Polisi günü kimi qeyd edildiyini nəzərə çatdırmışdır.
A.Qasımov çıxışının sonunda polis işçilərini peşə bayramları münasibətilə təbrik edərək, Azərbaycan polisinin insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını qoruması işində uğurlar arzulamışdır.
Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov çıxışında ölkəmizdə əmin-amanlığın və sabitliyin qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açmışdır. Ə.Abbasov polis əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini qeyd edərək, bu gün Azərbaycan polisinin öz peşəkarlığını artırmaqla yanaşı, həm də beynəlxalq standartlara uyğunlaşdırıldığını söyləmişdir.
Tədbirin sonunda xidmətdə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.