Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Dini radikalizm və ekstremizmin fəsadlarının qarşısının alınması”na həsr olunmuş tədbir keçirilib

12 iyul 2016 | 16:00
12 iyul 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dini radikalizm və ekstremizmin fəsadlarının qarşısının alınması”na həsr olunmuş tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak ediblər.  
İlk öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Rayon İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış dini radikalizm və ekstremizmin fəsadlarına həsr olunmuş “Fitnə” filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir barədə məlumat verib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dini radikalizmə qarşı mübarizə yollarından danışaraq, radikal dini qruplarla mübarizənin həm ideoloji, həm iqtisadi, həm də hüquqi müstəvidə aparılmalı olduğunu qeyd edib. O, ilk olaraq həmin radikal dini qrupların iqtisadi bazasının çökdürülməli olduğunun vacibliyini vurğulayaraq söyləyib ki, əgər iqtisadi baza olmasa belə radikal dini qruplar öz təşkilatlarına yeni gəncləri cəlb etmək iqtidarında da ola bilməyəcəklər. Eyni zamanda, ölkəmizdə hüquq-mühafizə orqanları vasitəsilə bu cür radikal qruplara qoşulub qanunları pozanlara qarşı cinayət işlərinin qaldırıldığını, onlar barədə cəza tədbirləri görüldüyünü diqqətə çatdırıb.
M.Qurbanlı Avropada radikal qüvvələrin, islamafob meyillərinin güclənməsi fonunda Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib. O, bu tolerantlığın xalqımızın adi həyat tərzi və dövlət siyasəti olduğunu və ölkəmizin tolerantlıq mərkəzi kimi əhəmiyyətini daha da artırdığını vurğulayıb.
Mövzu ətrafında Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dini maarifləndirmə sahəsində bu kimi tədbirlərin önəmini vurğulayaraq,  hər bir vətəndaşın, idarə, müəssisə və təşkilatların dini ekstremizmə qarşı mübarizə aparan dövlət orqanlarına kömək etməli olduğunu, eyni zamanda dini ekstremizm, radikalizm hallarının aşkar olunmasına və onların qarşısının alınmasına kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına çatdırmasının vacibliyini söyləyib.

 
Keçidlər