Nizami rayonunda 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
14 iyul 2016 | 16:00
14 iyul 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti başçısının 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Rayon İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyul ayının 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının dünyada təhlükələrin artdığını, eyni zamanda, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi bir dövrdə Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin uğurla icra olunduğunu, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu, iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulduğunu və ilin birinci yarısında 78 min daimi iş yeri açıldığını söylədiyini iştirakçıların diqqətinə çatdırdı.
Həmçinin A.Qasımov Nizami rayonunda 2016-cı ilin yanvar-iyun aylarında fəaliyyət göstərən müəssisələr tərəfindən 212,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, sənayedə istehsalın 21,4 faizi qeyri-dövlət sektoruna aid olduğunu, rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 16.1 milyon manat həcmində investisiya yönəldildiyini vurğuladı.
Bundan əlavə, A.Qasımov 6 ay ərzində rayonda 1113 yeni iş yeri açıldığını qeyd edərək bildirdi ki, bu iş yerlərinin 126-sı yeni, 109-u mövcud müəssisə və təşkilatlarda, 53-ü fəaliyyətini bərpa etmiş müəssisələrdə, 825-i isə fiziki şəxslər tərəfindən açılmışdır.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı çıxış etdi.
Yığıncaqda həmçinin 229 nömrəli tam orta məktəbin direktoru Fəridə Bağırova və 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin baş mühəndisi Bəxtiyar Mahmudov məruzə ətrafında çıxış etdilər.
Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxışlarında dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi tanındığını, dünyanın nüfuzlu təşkilatlarının mövqeyimizi dəstəkləyən bəyannamələr verdiyini qeyd etdilər.
Yığıncağının sonunda Rayon İcra Hakimiyyətinin başçısı A.Qasımov qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara öz tapşırıqlarını verdi.