Parkın və musiqili alov fəvvarəsinin açılışı
30 dekabr 2011 | 16:00
30 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Heydər Əliyev prospektində, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında, köhnə sənaye müəssisələrinin yerində salınan parkın və musiqili alov fəvvarəsinin açılışında iştirak etmişlər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, dövlət başçısının tapşırığı ilə Bakının Nizami rayonu ərazisində xüsusi dizaynla salınan parka üç tərəfdən giriş vardır. Nadir ağacların və gül kollarının əkildiyi parkda istirahət üçün hər cür şərait yaradılmışdır. Parkda 65 müasir oturacaq qoyulmuş, 82 işıq dirəyi quraşdırılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkın və yaxınlıqdakı yaşayış binalarının eskiz layihələri ilə tanış oldular.
Bildirildi ki, ərazidə abadlıq və tikinti işləri davam etdiriləcəkdir. Görülən işlər nəticəsində bu ərazi müasirləşən paytaxtımızın gözəl güşələrindən birinə çevriləcəkdir.
Sonra dövlət başçısı və xanımı parkın ərazisində quraşdırılmış musiqili alov fəvvarə kompleksi ilə tanış oldular. Məlumat verildi ki, fəvvarədə quraşdırılmış işıq sistemi parka ecazkar gözəllik bəxş edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva musiqili alov fəvvarə kompleksinin idarəetmə mərkəzinə baxdılar. Diqqətə çatdırıldı ki, kompleks bu mərkəzdən avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunur. Musiqili alov fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllurdan və paslanmayan metaldan hazırlanmışdır. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirmişlər. Audio-video sisteminin qurulduğu musiqili alov fəvvarə kompleksi lazer projektorları ilə işıqlandırılır.
Sonra dövlətimizin başçısı və xanımı musiqili alov fəvvarəsinin müxtəlif görüntülərini izlədilər.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.