Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni park
29 dekabr 2011 | 16:00
29 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vergilər Nazirliyinin Xüsusi Rejimli Vergi Xidməti Departamentinin inzibati binasının qarşısında salınan yeni parkla tanış olmuşdur.
Vergilər naziri Fazil Məmmədov yeni parkda görülən işlərlə bağlı dövlət başçısına məlumat verərək bildirmişdir ki, bu park nəqliyyatın yüksək sürətlə hərəkət etdiyi çoxzolaqlı prospektin kənarında salındığı üçün onun yaradılması zamanı səs izolyasiyasına əsaslanan yaşıllıq və su sistemlərinin sintezindən istifadə olunmuşdur. Parkda xeyli sayda müxtəlif növ dekorativ ağac və kol, o cümlədən rəngbərəng güllər əkilmişdir.
Qeyd edilmişdir ki, parkda xüsusi drenaj sistemi qurulmuş, torpaq örtüyü orqanik materiallarla zənginləşdirilmişdir. Ən müasir memarlıq üslubunda inşa edilən və 1 hektara yaxın ərazini əhatə edən parkda “Suyun nağılı” fəvvarələr sistemi qurulmuşdur. Buradakı 75 metrlik 2 su güzgüsü gözəlliyi ilə diqqəti cəlb edir. Suyun fasiləsiz dövriyyəsini təmin etmək məqsədilə ərazidə 2 su anbarı və təmizləyici sistemlər yaradılmışdır. Xüsusi layihə əsasında qurulan işıqlandırma sistemi gecə saatlarında həm parka, həm də inzibati binanın fasadına xüsusi gözəllik verir.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.