Nizami rayonunda avtomobil yolları təmir edilib
01 oktyabr 2016 | 16:00
Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir olunub.
Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir.
Prospekt boyunca köhnə asfalt örtüyünün üst qatı frezlənərək kənara daşınıb, daha sonra yola yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun 72 min m2 sahəsi asfaltlanıb. Bundan başqa yol boyu 1 metr enində yeni yol ayrıcı inşa olunub, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunaraq 11 min m2 sahəsi asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına 15 min p/m yaxın yeni səki daşları düzülüb.
Prospektdə müasir işıqlandırma sisteminin qurulması üçün 83 ədəd işıq dirəyi quraşdırılıb, həmçinin 2 yerdə avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb.
Yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınıb, 30 ədəd yağış barmaqlığı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulub.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan, həmçinin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən uzunluğu 929 m, eni 15 m olan köməkçi yollarında da təmir işləri aparılıb. Sözügedən hissələrdə təmir işləri 21.8 min m2 ərazini əhatə edib.
Həmçinin təmir-tikinti işləri Rüstəm Rüstəmov küçəsində də aparılıb. Küçənin uzunluğu 1,9 km, eni isə 28 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu 10 min p/m köhnə səki daşı yenisi ilə əvəz olunub, həmçinin yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək 70 min m2 –dən çox ərazi yenidən asfaltlanıb. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq 6500 m2 sahəsi asfaltlanıb.
Küçənin Qara Qarayev prospekti ilə kəsişməsindən Ramiz Qənbərov küçəsinədək olan hissəsində 1 metr enində və 440 metr uzunluğunda yol ayrıcı inşa olunub, yol ayrıcına 14 ədəd işıq dirəyi quraşdırılıb, avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb.
Bundan başqa yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd edək ki, həm Qara Qarayev prospekti, həm də Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malikdir.
Nizami rayonunda bundan öncə daha bir-neçə küçədə də təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu Mikayıl Əliyev (2.8 km), Bəkir Çobanzadə (2.3 km), Mehdi Abbasov (1 km), Naxçıvanski (0.85 km) və Nəsimi (1.2 km) küçələridir. Ümumilikdə Nizami rayonunda son aylar ərzində təmir olunmuş küçə və prospektlərin uzunluğu 13 kilometr təşkil edir.
http://www.azeravtoyol.gov.az/