Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilİb

27 oktyabr 2016 | 16:00
27 oktyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.
Müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, rayon icra hakimiyyəti və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.  
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov payız-qış mövsümünün başladığını, rayon sakinlərinin işıq və qazdan daha çox istifadə etdiklərini, yanğınların başvermə ehtimalının, dəm qazından boğulma və zəhərlənmə kimi xoşagəlməz hadisələrin qaçılmaz olduğunu qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin və müvafiq maarifləndirmə işlərinin təşkilinin vacibliyini diqqətə çatdırıb.
Sonra Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Elnur Qasımov  qeyd edib ki, FHN Bakı Regional Mərkəzi tərəfindən artıq 6-cı ildir ki, Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri ilə əməkdaşlıq çərçivəsində  payız-qış mövsümünün gəlməsi ilə əlaqədar qeyd olunan mövzuda rayon müşavirəsi keçirilir. O, yanğın təhlükəsizliyi ilə bağlı müşavirə iştirakçılarına məlumat verib və Fövqəladə Hallar Nazirliyinin son dövrdə əldə etdiyi nailiyyətləri və qazandığı təcrübələri iştirakçıların nəzərinə çatdırıb.
Bakı Regional Mərkəzinin Fövqəladə halların xəbərdar edilməsi və mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Yolçu Yolçuyev, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndəsi mayor Elgün İsmayılzadə müvafiq olaraq “Bakı şəhərində 2015-2016-cı illərin müvafiq dövründə yanğın hadisələrinə dair statistik məlumatlar”, “Yaşayış massivlərində yanğınların başvermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış ediblər.
Daha sonra Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi istismar sahəsinin rəisi İmran Məmmədov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Bakı Regional Qaz İstismarı Departamentinin Nizami rayonu üzrə texniki istismar xidmətinin rəisi Sahib Bağırov “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər”, 6 saylı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Almaz Zülfüqarova “Yanğın zamanı ilkin tibbi yardım” (2015-2016-cı illər üzrə statistik məlumatlar) mövzusunda çıxış ediblər.
Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, tədbir iştirakçıları tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb.
Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov yığıncaqda diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi məqsədilə aidiyyəti sahələr üzrə ciddi tədbirlərin görülməsini və nəzarətin gücləndirilməsini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verib. Eyni zamanda, 2016-2017-ci illər üzrə payız-qış mövsümünün hadisəsiz və itkisiz başa vurulması üçün səylə çalışmağın vacibliyini diqqətə çatdırıb.

 

Keçidlər