Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı

29 dekabr 2011 | 16:00
29 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə Mərkəz haqqında məlumat verərək bildirdi ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SKC&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da dövlətimizin başçısının iştirakı ilə Mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci ilin oktyabrın 4-də isə Prezident İlham Əliyev mərkəzdə görülən işlərlə tanış olmuşdur. Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir. Prezident İlham Əliyev intellektual idarəetmə zalında Mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxdı. Bildirildi ki, burada 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük-120 m2 sahəsi olan monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür. Qeyd edildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.
Keçidlər