Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi

03 noyabr 2016 | 16:00
03 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhər BPİ-si, Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 214 və 238 №-li tam orta məktəblərdə “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində yol təhlükəsizliyi mövzusunda tədbir keçirildi.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının və digər icra qurumlarının nümayəndələri, həmçinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan 238 №-li tam orta məktəbin direktoru İlqar Talıbov ilk öncə iştirakçıları salamladı və belə vacib bir tədbirin təşkili üçün təşkilatçılara öz dərin minnətdarlığını bildirdi. Çıxış zamanı yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulandı. Qeyd edildi ki, bu cür tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. 
214 №-li tam orta məktəbin nümayəndəsi də qeyd etdi ki, yol təhlükəsizliyi gündəmdə olan vacib məsələlərdən biridir. Məktəbə yaxın ərazilərdə yol təhlükəsizliyinin təmin olunması məsəllərində müəllim və valideynlərin rolu əvəzsizdir. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.   
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yol təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə danışdı və qeyd etdi ki, bu fəaliyyətin əsas hissəsi son 10 il ərzində təhsil müəssisələrində təşkil olunan təbliğat işi ilə əlaqədardır. V.Əsədov qeyd etdi ki, hər bir vətəndaş yol hərəkətinin iştirakçısıdır və bu səbəbdən yol hərəkəti qaydalarına əməl etməlidir. Bu qaydalara əməl edənlər bununla da müvafiq icra qurumları tərəfindən yollarda təhükəsizliyin təmin olunması ilə əlaqədar keçirdiyi tədbirlərə dəstək etmiş olurlar ki, hamı bunda xüsusilə maraqlı olmalıdır.
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov məktəbətrafı ərazilərdə pik saatlarda yaşanan nəqliyyat vasitələrinin intensivliyi, onların yaratdığı tıxaclar barədə danışdı və qeyd etdi ki, bəzi məktəblərin ətrafında müvafiq yol nişanlarının olmaması bir sıra problemlərin yaranmasına, təhlükələrin yaşanmasına səbəb olur. Piyada keçidlərin inşa edilməsi, piyada zolaqlarının çəkilməsi, yol nişanlarının qoyulması həmin təhlükələri bir qədər də azaltmağa səbəb olacaq tədbirlərdəndir.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova məktəb uşaqlarının iştirakı ilə baş verən qayda pozuntularına nəzər saldı və vurğuladı ki, yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə “qaydaları öyrən və öyrət” formatında keçirilən tədbirlər uşaqlar tərəfindən yol qaydalarının dərindən öyrənilməsinə xidmət edir.
Bakı şəhərində yol təhlükəsizliyinin təmin olunmasında aktiv olan ictimai fəal Xalid Musayev (“Canlı svetofor”) rayon ərazisində keçirdiyi təbliğat xarakterli fəaliyyətlər barədə danışdı və qeyd etdi ki, ictimaiyyətin hər bir üzvü bu işlərdə fəal olmalıdır. Məhz bu fəaliyyətin nəticəsində özünün 200-ə yaxın yol nişanı quraşdırdığını bildirmişdir.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov layihənin məqsəd və vəzifələri barədə danışdı və bildirdi ki, hər bir vətəndaş yol təhlükəsizliyi qaydalarına riayət etməlidir. Ona görə ki, bu bilik və bacarıq həm özlərinin, həm də yaxınlarını yollardakı təhlükələrdən qoruya bilər. Buna isə yalnız maarifləndirmə yolu ilə nail olmaq mümkündür ki, yol təhlükəsizliyi pasportu həmin vacib maarifləndirmə alətlərindəndir. Hər bir təhsil müəssisəsi bu alətin tətbiqində maraqlı olmalıdır, çünki onun vasitəsilə məktəbətrafı yollarda təhlükəsizliyin təmin olunması daha effektiv keçirilə bilər.
Tədbirin sonunda mövzu ətrafında diskussiya keçirildi və şagirdlərə yol hərəkəti qaydalarından bəhs edən məlumat kitabçaları təqdim edildi.

Keçidlər