Nizami rayonunda Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirilib
08 noyabr 2016 | 16:00
08 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Yap Nizami rayon təşkilatı 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva ilk öncə qonaqları və iştirakçıları salamlayaraq qeyd edib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis olunub. Ulu Öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən natiq ölkəmizdə dini və milli dözümlülüyün yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycanda dini dözümlülük və tolerantlıq ənənələrinin qorunması, radikallıq meyllərin qarşısının alınması hökumətin din siyasətinin prioritetini təşkil etdiyini vurğulayıb. Ölkə rəhbərinin dindarlarla keçirdiyi görüşlər və bu mərasimlərə digər dini icmaların nümayəndələrinin də qatılmasının ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərdiyini qeyd edib.
Tolerantlığın Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu söyləyən Milli Məclisin deputatı Rafael Cəbrayılov ölkəmizdə yaşayan bütün xalqlara eyni isti və səmimi münasibət bəsləndiyini vurğulayıb. Qeyd olunub ki, tolerantlıq xalqımızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir. Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar olub. Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Milli Məclisin deputatı Rasim Musabəyov çıxışı zamanı diqqətə çatdırıb ki, demokratik, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşmışdır. Əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycanda müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində birgə yaşayırlar. Əminliklə demək olar ki, Azərbaycanda dini dözümlülük və tolerantlıq mühiti tam qorunub saxlanılır.
Çıxış edən Keşlə qəsəbəsi “Şah Abbas” Cümə məscidinin axundu Sirac Səfərov belə bir mühüm tədbirin təşkili üçün rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Natiq Prezident İlham Əliyevin ənənəvi olaraq dindarlarla keçirdiyi görüşlərdən və bu sahədə dövlət dəstəyindən danışıb. Qeyd edib ki, dinlərarası müxtəliflik xalqımızın zəngin kökə söykənən tolerantlıq və dözümlülük ənənələrinin formalaşmasında müstəsna rol oynamış, Azərbaycanda milli, irqi və dini zəmində heç bir münaqişə baş verməmiş, milli-etnik müstəvidə qarşıdurma yaşanmamışdır.
Sonda çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qeyd edib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə əsaslanan bu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya dövlətləri tərəfindən də çox yüksək qiymətləndirilən dini dözümlülük və tolerantlıq Azərbaycanda dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu qeyd edən başçı, əsrlər boyu ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.