Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib
17 noyabr 2016 | 16:00
17 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva, YAP Nizami rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, “Azərbaycan: qorumalı olduğumuz sərvətimiz” adlı filmin təqdimatı keçirilib. Film YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayevanın ideya müəllifliyi ilə hazırlanıb. Filmdə dünyada baş verən siyasi-hərbi kataklizmlərin, sosial-iqtisadi böhranın, imperialistlərin “demokratiya” pərdəsi altında bir sıra ölkələrdə qurduqları siyasi oyunların fonunda Azərbaycanın sabit, stabil və dinamik inkişafından söz açılır və bütün bunların əsasında respublika gənclərinin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılır, eyni zamanda, Azərbaycandakı siyasi-ictimai sabitliyin qorunub saxlanılmasında Yeni Azərbaycan Partiyasının xidmətləri xatırlanır.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qonaqları salamlayaraq tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü və Milli Dirçəliş Günü münasibətilə təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb və Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, partiyanın 24 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllindəki müstəsna xidmətlərindən danışıb. Qeyd edilib ki, öz gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası ötən 24 il ərzində böyük bir inkişaf yolu keçib və bu gün partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, yenilikçi və avanqard siyasi təşkilat olan YAP nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə yenicə müstəqillik qazanmış ölkəmizdə Yeni Azərbaycan Partiyasının yaradılmasının mühüm ictimai-siyasi hadisə kimi tarixə düşdüyündən, YAP-ın yaranma zərurətindən, partiyanın keçdiyi şərəfli tarixindən danışıb. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu. Nüfuzunu gündən-günə artıran, sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Natiq vurğulayıb ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyev həm dövlət, həm də partiya quruculuğunda möhtəşəm uğurlara imza atmaqdadır.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan xalqı üçün fəaliyyət göstərməyin ali, əvəzolunmaz nümunəsini sərgiləyən YAP ölkənin siyasi sisteminin inkişafına yeni dinamizm, yeni sivil siyasət və ən əsası demokratik ab-hava gətirib.
Tədbirdə əminliklə qeyd edilib ki, partiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında hərtərəfli inkişaf edir, beynəlxalq nüfuzu artır və dövlətçiliyimizin möhkəmlənməsi naminə fəaliyyətini gündən-günə genişləndirir.
Sonda YAP sıralarına yeni üzv olmuş bir qrup gəncə vəsiqələr, eyni zamanda, Nizami rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə partiya fəallarına fəxri fərmanlar təqdim edilib.