Nizami rayonunda “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib
24 noyabr 2016 | 16:00
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 24 noyabr 2016-cı il tarixdə 229 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov 2016-cı ilin ötən dövrü ərzində rayon ərazisində dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində görülən maarifləndirici tədbirlər, eləcə də qarşıda duran əsas vəzifələr və görüləcək işlər barəsində ümumi məlumat vermiş, belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışdır.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Xalid Məmmədov dini radikalizm və ekstremizmin mahiyyəti, törətdiyi fəsadlar barədə çıxış etmiş, ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açmışdır.
Daha sonra, Dövlət Təhlükəsizliyi Xidmətinin Nizami rayon İdarəsinin əməkdaşı Cavid Musayev dini radikalizmi yaradan səbəblər və onların aradan qaldırılması istiqamətində aparılan işlər, habelə bu sahədə görülən inzibati tədbirlər barədə çıxış etmiş, ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat vermiş, təlim-tərbiyə ocaqlarında dini maarifləndirmə işinin intensivliyinin artırılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxış edərək dini maarifləndirmə ilə bağlı görülmüş işlər barədə danışmış və qeyd etmişdir ki, bu gün xalqımızın zəngin tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirdə həmçinin Keşlə “Şah Abbas” məscidinin axundu Sirac Səfərov, 229 saylı məktəbin direktoru Fəridə Bağırova və məktəbin valideyni Zakir Qasımov çıxış etmiş, yeniyetmə-gəncləri milli-mənəvi dəyərlərimizə yad olan dini cərəyanlara qoşulmamağa çağırmış, bugünkü həyat tərzində mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlərin genişləndirilməsinin vacibliyini önə çəkmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunmuşdur.