Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib

25 noyabr 2016 | 16:00
25 noyabr 2016-cı il  tarixində 251 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan 251 №-li  tam orta məktəbin direktoru Nurqələm Bayramova qonaqları salamlayıb və belə bir mühüm tədbirin təşkili üçün rayon rəhbərliyinə məktəb kollektivi adından  minnətdarlığını  bildirib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış edib. Məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırıb.
Tədbirdə çıxış edən Nizami  Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda  görülmüş işlər barədə məlumat verib. Eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulayıb.
Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla Profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Məryəm Ömərova çıxışı zamanı ölkəmizdə məişət zorakılığı, o cümlədən  qadın zorakılığı ilə mübarizə istiqamətində görülmüş tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, erkən və məcburi nikahlar barədə ətraflı məlumat verib.
Tədbirdə ailə və cəmiyyətdə qadınların rolundan danışılıb və qeyd olunub ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir.
Sonda məişət zorakılığı ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər