Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomanlığa qarşı növbəti maarifləndirici tədbir keçirilmişdir

30 noyabr 2016 | 16:00
30 noyabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə illik Tədbirlər Planına əsasən Rayon Polis İdarəsi ilə birgə 12 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə  “Narkomanlığa yox deyirik!” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası tərəfindən 2016-cı ilin ötən dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, zərərli vərdişlərin arzuolunmaz nəticələrə səbəb olduğunu və bu neqativ halların sonradan qarşısının alınmasının mümkünsüzlüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmış, məktəblilərin estetik tərbiyəsində müstəsna rol oynayan asudə vaxtın səmərəli təşkilinin vacibliyini və bu məqsədlə də rayon ərazisində fəaliyyət göstərən məktəbdənkənar tərbiyə və idman müəssisələri ilə əlaqələrin genişləndirilməsini önə çəkmişdir.
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şirəli Babayev çıxış etmiş, tədbir iştirakçılarına narkotik vasitələr və onların törətdiyi fəsadlar barəsində məlumat vermişdir. O, həmçinin qeyd etmişdir ki, apardığımız əməliyyat tədbirlərindən və profilaktik söhbətlərdən aydın olmuşdur ki, zərərli vərdişlərə meylli yeniyetmələrin əksəriyyəti dərsdən yayınan, təlim-tərbiyədə pis nəticələr göstərən və nəzarətsiz olanlardır. Odur ki, müəllim və valideynlər belə uşaqların tərbiyəsinə xüsusi diqqət yetirməli, onların hərəkətləri daimi nəzarətdə saxlanmalı, məktəb psixoloqları həmin kateqoriyadan olan uşaqlarla mütəmadi görüşməli, onlarla söhbətlər aparmalı, belə şagirdlər haqqında xüsusi anket-məlumatlar toplanmalıdır. Çünki hər hansı bir məktəblidə xoşagəlməz hallar müşahidə olunan kimi müvafiq tədbirlər vaxtında görülərsə, inanmaq olar ki, belə halların qarşısını tezliklə almaq mümkün olar.
Tədbirdə həmçinin Nizami Rayon Polis İşçiləri Veteranlar Şurasının üzvü Firdovsi Bayramov çıxış edərək məktəblilərə sağlam həyat tərzi barəsində məlumat vermiş və hər bir gənci elm, bilik öyrənməyə, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi üçün idmanla məşğul olmağa çağırmış, zərərli vərdişlərdən uzaq durmağı tövsiyə etmişdir. F.Bayramov öz çıxışında onu da qeyd etmişdir ki, gələcəyimiz naminə sağlam gənclik formalaşdırmaq və tərbiyə etmək hər birimizin borcudur. Bu borcumuzu ləyaqətlə yerinə yetirməliyik.
12 №-li tam orta məktəbin direktoru Əli Alıyev çıxış edərək bildirmişdir ki, narkomanlığa qarşı keçirilən maarifləndirici tədbirin, eyni zamanda istər müəllim-valideynlərə, istərsə də şagirdlərə bəşəriyyətin bəlasına çevrilmiş “ağ ölüm” və onun insan orqanizminə vurduğu sağalmaz yaralar barədə verilən məlumatların əhəmiyyəti böyükdür. Məktəbimizin kollektivi yeniyetmə-gənclərin sağlam ruhda böyüməsi və tərbiyə alması üçün bütün imkanlardan istifadə edir və gələcəkdə də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçiriləcəkdir. Dövlət qurumları tərəfindən narkomanlığa qarşı aparılan mübarizə tədbirlərini dəstəkləyirik və yekdilliklə narkomanlığa “yox” deyirik.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır .

Keçidlər