27 Sentyabr - Anım Günü ilə əlaqədar “Nizami rayonu Vətən Müharibəsi Şəhidləri" memorial kompleksi önündə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar “Vətən Müharibəsi Şəhidləri" memorial kompleksi önündə tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyəti, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək Vətənimizin azadlığı, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfalar və can sağlığı diləyiblər.
Qeyd olunub ki, 27 sentyabr 2020-ci il hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Artıq 5-ci ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərancamına əsasən sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur.
27 sentyabrda düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu elə ilk gündən etibarən düşmənə sarsıdıcı zərbələr endirərək Ermənistan hərbi birləşmələrinin canlı qüvvəsini, 30 ilə yaxın dövr ərzində qurduğu güclü hərbi istehkamlarını və müdafiə xətlərini darmadağın etdi, düşmən torpaqlarımızdan qovuldu, işğalda olan torpaqlarımız erməni qəsbkarlarından azad olunaraq ərazi bütövlüyümüz bərpa olundu, ədalət və haqq işimiz zəfər çaldı, şanlı Zəfər qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi xalqımızın şərəf və qəhrəmanlıq tarixinə qızıl hərflərlə əbədi həkk olundu.
Vurğulanıb ki, Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Zəfər dastanını öz qanı və canları ilə yazan şəhidlərimiz və qazilərimiz qürur mənbəyimizdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna dərin ehtiram göstərir, xatirəsini uca tutur. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük ehtirama, qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.






