Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylanılıb
28 dekabr 2016 | 16:00
28 dekabr 2016-cı il tarixində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Neolit” restoranında Nizami rayonunun aztəminatlı ailələri üçün bayram süfrəsi açılmışdır.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Heydər Əliyev Fondunun əməkdaşları iştirak etmişlər.
Tədbirdə valideyn himayəsindən məhrum olan uşaqların, ahılların, veteranların, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin Heydər Əliyev Fondunun daim diqqət mərkəzində saxlanıldığı, mütəmadi olaraq xeyriyyə aksiyaları keçirildiyi, əlamətdar günlərdə uşaq evləri, internat məktəbləri, qocalar evi və aztəminatlı ailələrə bayram hədiyyələri göndərildiyi, konsert proqramları və əyləncəli tədbirlər təşkil edildiyi bildirilmişdir.
Heydər Əliyev Fondunun respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə bayram sovqatlarının çatdırılması layihəsinin dekabrın 23-dən etibarən həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsinin Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu qeyd etmişdir. O, aztəminatlı ailələrə qayğının hər zaman prioritet olduğunu, əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirildiyini, onlarla görüşlər təşkil edildiyini, həm maddi, həm də mənəvi cəhətdən dəstək olunduğunu söyləmişdir. A.Qasımov vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bu layihənin aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılandığını bildirmişdir. Çıxışının sonunda A.Qasımov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Tədbirdə çıxış edən rus icmasının üzvü Viktoriya Klimenko, Xocalıdan məcburi köçkün Səriyyə Müslümqızı və Qarabağ müharibəsi veteranı Sevda Səfərova aztəminatlı ailələrin, şəhid ailələrinin, əlillərin, qaçqın və məcburi köçkünlərin dövlətin qayğısına ehtiyacı olduğunu və dövlətin də qayğısının üzərilərində həmişə hiss olunduğunu söyləmiş, onlara daim diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və bu xeyirxah tədbirin keçirilməsinin təşəbbüskarı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Konsert proqramı ilə davam edən tədbirin sonunda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları paylanılmışdır.