Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində geniş tədbir təşkil edilmişdir
26 yanvarda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı aksiya çərçivəsində geniş tədbir təşkil edilmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi L.Məmmədova, rayon Qeydiyyat şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, rayon üzrə nikahyaşlı gənclər iştirak etmişlər.
Tədbir iştirakçıları qeyd etmişlər ki, Azərbaycanda ailə institutunun formalaşması və inkişafı dövlətin daim diqqət mərkəzindədir. Eyni zamanda, ailə xalqımızın milli-mənəvi dəyərlərinin qoruyucusu və gələcək nəsillərə ötürücüsü kimi cəmiyyətimizdə mühüm rol oynayır.
Buna baxmayaraq, bir sıra bölgələrdə erkən nikahların adət halına çevrilməsi və ildə 4 minədək qızın belə nikaha daxil olması cəmiyyətin inkişafına əngəl törədir və milli genofondumuza mənfi təsir göstərir. Erkən nikahlar təhsil almaq həvəsini və imkanlarını azaldır, eyni zamanda, reproduktiv sağlamlığa ciddi təsir göstərərək həm azyaşlı anaya, həm də uşağa ciddi təhlükə yaradır. Digər tərəfdən, bu cür ailələrdə boşanma hallarına daha çox təsadüf edilir.
Tədbirdə milli dəyərlər, ailə mədəniyyəti, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməsinin, nikah müqaviləsi bağlanılmasının zəruriliyi haqqında fikir mübadiləsi aparılmış və mövzu ilə bağlı verilən suallar cavablandırılmışdır.
İştirakçılara Dövlət Komitəsi tərəfindən hazırlanmış “Sağlam həyat tərzi seç!”, “Nikahdan əvvəl tibbi müayinə”, “Erkən nikaha yol verməyin!”, “Qan qohumları arasında nikah və onun fəsadları”, “Uşaq-valideyn münasibətləri”, “Gender bərabərliyi” adlı bukletlər paylanılmışdır.
Sonda rayon sakini Kamilə Hüseynovanın Ruslan Ağayevlə nikahının bağlanması mərasimi keçirilmiş, onlara İcra Hakimiyyətinin hədiyyəsi təqdim olunmuşdur.