Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun məktəbliləri arasında “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib

30 yanvar 2017 | 16:00
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda inşa və rəsm müsabiqələrinə start verilib.
Bununla əlaqədar 30 yanvar 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında keçirilən iclasda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, “Bakcell” şirkətinin rəsmisi Vəfa Abdullayeva Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək, Ermənistan rəhbərliyinin bu soyqırımı törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi daşıdığına baxmayaraq, bu hadisələrin Azərbaycan xalqının əzmini qıra bilmədiyini söyləyiblər.
Qeyd edilib ki, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həm dövlət səviy­yəsində, həm müxtəlif qurumlar, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən ötən illər ərzində istər respublika daxilində, istərsə də respublikadan kənarda çoxlu səylər göstərilib, beynəlxalq səviyyəli görüşlərdə, toplantılarda, konfranslarda bu mövzu gündəmə gətirilib, yürüşlər, mitinqlər keçirilib, sənədli xronoloji materiallar, fotolar dərc edilib, sənədli və bədii kitablar buraxılıb, sərgilər keçirilib. 
İnşa müsabiqəsi komissiyasının sədri, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə bildirib ki, elan edilən müsabiqələrlə həm gənc nəsil Azərbaycan tarixi ilə bağlı maarifləndiriləcək, həm də onların bilik və bacarıqları, jurnalistikaya olan maraqları və potensialları üzə çıxarılacaq.
Nəzərə çatdırılıb ki, inşa yazı müsabiqəsinə iki dildə – Azərbaycan və rus dillərində yazılar qəbul ediləcək. Bununla da Prezident İlham Əliyevin multikulturalizm siyasətinə, ölkəmizdəki tolerant dəyərlərə verilən önəm bir daha qabardılacaq. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasına gənc nəslin dəstəyi bir daha ifadə ediləcək.
Bildirilib ki, inşa və rəsm müsabiqəsi Nizami rayonu ərazisində 30-dək təhsil müəssisələri arasında keçiriləcək. Qəbul ediləcək inşa yazıları və rəsm əsərləri xüsusi komissiya tərəfindən yoxlanılacaq.
Sonda müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
 
Keçidlər