Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

09 fevral 2017 | 16:00
9 fevral 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, Rüfət Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev iştirak etmişlər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad etdilər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 2016-cı ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış etdi.
A.Qasımov yanvar ayının 10-da  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasının keçirildiyini bildirdi. Dövlət başçısının dünyada və yaşadığımız regionda təhlükələrin və risklərin artdığını, müharibələrin davam etdiyini, yaşadığımız bölgədə sabitliyin pozulduğunu və iqtisadi inkişafla bağlı vəziyyətin ağırlaşdığını, lakin bütün bunlara baxmayaraq, Azərbaycanın 2016-cı ildə də öz inamlı inkişafını davam etdirdiyini, ölkəmizdə təhlükəsizlik tədbirlərinin təmin olunduğunu, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşadığını vurğuladığını qeyd etdi.
A.Qasımov ötən il 04 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə, 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olduğunu, Q.Qarayev prospekti ilə C.Naxçıvanski küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağının istifadəyə verilməsi mərasimində iştirak etdiyini, 06 sentyabr tarixində 109 və 229 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğunu, 14 sentyabr  tarixində 12 və 32 nömrəli tam orta məktəblərdə yeni tikilmiş tədris korpuslarının açılışında, 19 sentyabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidənqurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak etdiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
Ötən il ərzində ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da öz payı olduğunu söyləyən A.Qasımov 2016-cı ildə rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən ötən illə müqayisədə 5,5 faiz çox olmaqla 418,4 milyon manatlıq sənaye məhsulu istehsal edildiyini və sənayedə istehsalının 22,8 faizinin qeyri-dövlət müəssisələrinin payına düşdüyünü, istehsal olunmuş 1,6 milyon manatlıq sənaye məhsulunun ixrac olunduğunu, rayon üzrə yerinə yetirilən podrat işlərinin həcminin ötən illə müqayisədə 12,5 faiz çox olmaqla 460,3 milyon manat təşkil etdiyini, bütün maliyyə mənbələri hesabına əsas kapitala 103,2 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin 8,4 faiz artaraq 2 milyard 476 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 0,3 faiz artaraq 252,3 milyon manat olduğunu, rabitə sahəsində 327,4 milyon manat, nəqliyyat sahəsində isə 152,6 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırdı.
Ölkədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaradıldığını söyləyən A.Qasımov ötən il rayonda 1798 yeni iş yeri açıldığını, ümumilikdə 2003-cü ildən bu günədək 31788-i daimi iş yeri olmaqla 31885 yeni iş yeri yaradıldığını, 2016-cı ilin yanvar-noyabr aylarında rayon üzrə orta aylıq əmək haqqının 11,7 faiz artaraq 604,8 manat olduğunu nəzərə çatdırdı. Eyni zamanda, il ərzində rayon üzrə 5221 nəfərin işaxtaran kimi qeydiyyata götürüldüyünü, işaxtaranlardan 905 nəfərin müvafiq işlə təmin olunduğunu, 379 nəfərə işsizlik statusu verildiyini və 396 nəfərə işsizlik müavinəti təyin edildiyini qeyd etdi.
A.Qasımov “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 12 və 238 №-li orta məktəblərdə  əlavə korpusların tikintisinin, 109 və 229 №-li məktəblərin əsaslı təmiri və yenidən qurulmasının, həmçinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 32 №-li orta məktəbdə əlavə tədris korpusunun tikintisinin başa çatdığını, bunlardan əlavə, Dövlət Proqramına əsasən Milli Sağlamlıq Mərkəzinin tikintisində son tamamlama işlərinin görüldüyünü, Səhiyyə Nazirliyi tərəfindən isə 4 №-li Vərəm Əleyhinə Dispanserin həyətində Referens laboratoriyasının tikintisinin başa çatmaq üzrə olduğunu, həmçinin rayonda sahibkarlar tərəfindən iki yeni özəl uşaq bağçasının və özəl klinikaların inşasının aparıldığını diqqətə çatdırdı.
Rayon İcra Hakimiyyətinin başçısı rayonun orta ümumtəhsil məktəblərini bitirən  məzunların 58,6 faizinin tələbə adını qazandığını, 1 nəfərin 700 bal, 121 məzunun isə 600-dən yuxarı bal topladığını, tələbə adını qazanmış 8 nəfərin Prezident təqaüdünə layiq görüldüyünü bildirdi.
Rayonun kommunal və xidmət sahələrində görülən işlər barədə məlumat verən A.Qasımov, ötən il rayon ərazisində istiliklə təmin olunmalı 534 binadan 427-sinin istiliklə təmin olunduğunu, qazanxanaların cari və əsaslı təmir edildiyini, müxtəlif ünvanlarda aşağıpaylayıcı istilik xətlərinin dəyişdirildiyini və Dövlət Proqramı çərçivəsində istismara yararsız 226 p/m məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəz edildiyini, 1559 p/m müxtəlif diametrli qaz xətlərinin çəkildiyini, 8094 ədəd mexaniki sayğacın “Smart-kart” tipli sayğacla əvəz edildiyini, C.Naxçıvanski küçəsi ilə E.Süleymanov küçəsinin kəsişməsində 35/10 Kv-luq yeni yarımstansiyanın tikilib istifadəyə verildiyini, 6300 metr yeni kabel xətlinin çəkildiyini, Babək prospektində 10 Kv-luq hava xəttinin 270 metri yeraltı kabel xətti ilə əvəzləndiyini, 46 yaşayış binasının paylayıcı lövhələrinin əsaslı, 75 ədəd TM-in cari təmir edildiyini, Dövlət Proqramı çərçivəsində mövcud su xətlərinin 39457 p/m-nin yenisi ilə əvəzləndiyini,rayon əhalisinin 75%-nin 24 saat su ilə təmin edildiyini, 16 girişdən ibarət 6 çoxmənzilli yaşayış binasının əsaslı təmir olunduğunu və 2017-ci ildə də rayon ərazisində 35 girişdən ibarət 5 çoxmənzilli yaşayış binasnın əsaslı təmir olunacağını nəzərə çatdırdı.
Eyni zamanda 2016-cı ildə rayon ərazisində 145000 m2 asfalt örtüyü vurulduğunu, 680 m2 istinad divarı tikildiyini, 450 m2 səki daşlarının yenisi ilə əvəzləndiyini, 13 km-dən artıq yolun əsaslı yenidənqurulduğunu, yollarda işıqlandırma sisteminin yeniləndiyini, 10 min p/m köhnə səki daşlarının yenisi ilə əvəzləndiyini, 15 min p/m-ə yaxın yeni üzlük səki daşlarının döşəndiyini, müxtəlif ünvanlara 56000 ədəd mövsümi gül, 1000 ədəd bəzək kolları, 2500 ədəd ağac əkildiyini və 18300 m2 qazon döşəndiyini qeyd etdi.
Məruzənin sonunda A.Qasımov görülən işlərlə yanaşı qarşıda duran vəzifələrdən söz açaraq, mövcud nöqsanların aradan qaldırılması və görüləcək işlər üzrə aidiyyəti təşkilatlara tapşırıqlarını verdi.
Sonra Nizami Rayon Enerji təchizatı və satışı idarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov 2016-cı ildə görülən işlər barədə ətraflı məlumat verdi.
Məruzələr ətrafında Milli Məclisin deputatları – Sədaqət Vəliyeva,  Flora Qasımova, Rasim Musabəyov, Rüfət Quliyev, Xəzər Universiteti direktorlar və qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək, əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışdılar və 2016-cı ildə Nizami rayonunda görülən işləri qənaətbəxş hesab etdilər.
Çıxışlardan sonra Nizami rayonunun ictimai həyatında, mədəni inkişafında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış bir qrup şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif edildi.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

 

 

Keçidlər