Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 20-ci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur

22 fevral 2012 | 16:00

13-25 fevral tarixlərində rayonda Xocalı soyqırımının 20-ci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur. Belə ki, bütün tədris müəssisələrində faciəni əks etdirən foto və rəsm sərgiləri təşkil edilmiş, inşa yazı müsabiqələri, dəyirmi masalar, ədəbi-bədii tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilmiş, müəllim və şagird kollektivləri Xocalı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumunda yaradılmış Əlaqələndirmə Şurasının Xocalı soyqırımının Azərbaycan uşaqları tərəfindən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması təşəbbüsü dəstəklənərək, bu məqsədlə hazırlanmış Bəyanatla bağlı rayon məktəblərində təhsil alan 9198 nəfər şagird imza toplama aksiyasında iştirak etmiş, həmçinin 8954 şagird Sosial şəbəkələrdə məlumatlar yerləşdirmişlər.
Fevralın 21-də 70 №-li məktəb-liseydə “Bu qan yerdə qalmaz” mövzusunda ümumrayon tədbiri keçirilmiş, 23-də isə 201 №-li məktəbdə Xocalı sakinlərinin iştirakı ilə “Xocalı-tariximizin qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya təşkil edilmişdir. “Dədə-Qorqud” Özəl Türk liseyində “Əsrin faciəsi” adlı elmi-praktik konfrans keçirilmiş və Xəzər Universitetinin tələbələrinin ifasında “Xocalı harayı” adlı teatrlaşdırılmış səhnəcik nümayiş etdirilmişdir.
Rayonun Mərkəzi kitabxanasında və onun filiallarında faciəyə həsr olunmuş kitab sərgiləri, foto-stendlər təşkil edilmiş, Keşlə Mədəniyyət Mərkəzində ədəbi-bədii tədbir keçirilmişdir.
Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə rayonun bir sıra müəssisə və təşkilatları, o cümlədən Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Azərsun Holding” Şirkətlər qrupu, Nizami və Keşlə bələdiyyələri, Nizami Qaz İstismar Sahəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən də geniş tədbirlər həyata keçirilmişdir.
Fevralın 24-ü və 25-i bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunmuşdur.
25 fevral tarixində “Xudafərin” istirahət mərkəzində Xocalıdan məcburi köçkün düşmüş və hazırda rayon ərazisində məskunlaşmış 31 ailənin iştirakı ilə şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmış, 26 fevral tarixində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Bakıda keçirilmiş ümumxalq yürüşündə rayon ictimaiyyəti fəal iştirak etmişdir.
Fevral ayının 26-da rayon ərazisində saat 17:00-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
 

Keçidlər