Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib

22 fevral 2017 | 16:00
2017-ci il fevralın 22-də 32 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcmasının sədri Bayram Səfərov, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, “Əməkdar jurnalist” Vüqar Rəhimzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı iştirak etmişlər.
Tədbir iştirakçıları öncə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda təşkil olunmuş rəsm sərgisi ilə tanış oldular.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı nəticəsində qətlə yetirilmiş uşaqların xatirəsinə həsr edilmiş “Onlar bir daha böyüməyəcəklər” adlı sənədli film nümayiş etdirildi.
Filmin nümayişindən sonra Nizami Rayon Mədəniyyət Mərkəzinin 32 saylı orta məktəbin kollektivi ilə birgə hazırladığı “O dağların qoynunda yaşıl bir kənd var idi...” adlı ədəbi-bədii kompozisiya təqdim edildi.
Tədbirdə Xocalı faciəsi haqqında ətraflı məlumat verən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Bayram Səfərov erməni işğalçıları  tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən, əsir götürülən insanların isə dəhşətli işgəncələrə məruz qalmasından danışaraq, bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu diqqətə çatdırdı.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Xocalı soyqırımının dünyaya tanıdılması, bu faciəyə adekvat siyasi-hüquqi qiymətin verilməsi, ədalətin təmin olunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində beynəlxalq təbliğat və təşviqat kampaniyalarının aparıldığını diqqətə çatdıraraq, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacaqlarını, torpaqlarımızın erməni işğalından azad  ediləcəyini, didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarını və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını əminliklə vurğuladılar.
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətlərin bütün dünyaya çatdırılmasının, gələcək nəsillərə əyani surətdə göstərilməsinin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğuladılar.
Tədbirdə Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş, Milli Qəhrəman Tofiq Hüseynovun oğlu Murad Hüseynov da soyqırımı ilə bağlı xatirələrini bölüşdü.
Tədbirin sonunda Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və “Bakcell” şirkətinin dəstəyi ilə “Xocalı soyqırımı: 25 il yaddaşımızda” mövzusunda keçirilən inşa və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı.

 

Keçidlər