Nizami rayonunda “Onlar bir daha böyüməyəcəklər” sənədli filminin təqdimatı olub
21 fevral 2017 | 16:00
2017-ci il fevralın 21-də 12 nömrəli tam orta məktəbdə Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırımı nəticəsində qətlə yetirilmiş uşaqların xatirəsinə həsr edilmiş “Onlar bir daha böyüməyəcəklər” adlı sənədli filmin təqdimatı olub.
Tədbirdə “Xocalı Soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Erməni təcavüzünün tanıtma” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Respublika Veteranlar təşkilatının üzvü, polkovnik Adil Haqverdiyev iştirak ediblər.
İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, jurnalist Səriyyə Müslümqızı film haqqında ətraflı məlumat verərək, çəkilişin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən reallaşdırıldığını qeyd edib, filmin ərsəyə gəlməsində əməyi olan rejissor Etibar Bəşirliyə və digər əməkdaşlara təşəkkür edib.
Sonra film nümayiş etdirilib.
Daha sonra çıxış edən “Xocalı Soyqırımını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Respublika Veteranlar təşkilatının üzvü, polkovnik Adil Haqverdiyev Xocalı soyqırımının erməni millətçilərinin zaman-zaman Azərbaycanda törətdikləri qanlı cinayətlərin ən dəhşətlisi olduğunu bildirərək qeyd ediblər ki, faciənin dünyada tanıdılması istiqamətində səylər daha da artırılmalı və dünya ictimaiyyəti bu faciəyə layiqli qiymət verməli, qətliamı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar.
Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu söyləyərək, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verildiyini bildirib. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsinin bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanındığını və bu kimi işlərin davam etdirildiyini, hər il faciənin ildönümünün istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunduğunu diqqətə çatdırıb.