Nizami rayonunda “Xocalı” və “Azərbaycan” adlı kompozisiyalar nümayiş edildi
22 fevral 2017 | 16:00
22 fevral 2017-ci il tarixində Xocalı soyqırımım 25-ci ildönümü ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən “Xocalı” və “Azərbaycan” adlı kompozisiyalar nümayiş edildi.
Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Mərkəzin 200-dən çox dərnək üzvünün iştirakı ilə “Xocalı” kompozisiyası yazıldıqdan sonra hərbi geyimli uşaqlar “Azərbaycan” adlı kompozisiya ilə çıxış edərək Azərbaycanın üçrəngli bayrağını dalğalandırdılar. Nümayiş zamanı dərnək üzvləri tərəfindən “Xocalının qisası yerdə qalmayacaq!, Qarabağa azadlıq!, Qarabağ bizimdir, bizim olacaq!, Biz müharibələrə son deyirik!, Uşaq ölümünə yox deyirik!, Biz sülh istəyirik! və Biz Xocalıya ədalət istəyirik!” kimi şüarlar səsləndi.Həmçinin Mərkəzin dərnək üzvləri Murad Həsənxanlı, Aytən Babaşova və Zeynalabdin Bağırzadə vətənpərvərlik mövzusunda şeirlər oxudular.
Kompozisiyalardan sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev Xocalı faciəsinin Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbə olduğunu qeyd edərək insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq aləm tərəfindən öz ədalətli hüquqi qiymətini alacağını əminliklə vurğuladılar. Bu istiqamətdə dövlətimiz tərəfindən erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlər aparıldığını diqqətə çatdırdılar.