Sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
22 fevralda İcra Hakimiyyətində 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova, Rüfət Quliyev, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ramiq Həşimov iştirak etmişlər.
Qonaqlar öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon İcra Hakimiyyəti binasının foyesindəki büstü önünə tər gül dəstələri düzdülər.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə 2011-ci ildə əldə olunmuş uğurları, sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlərlə yanaşı, digər sahələrdə də davamlı inkişaf dinamikasının qorunub saxlanıldığını, siyasi münasibətlər kontekstində, beynəlxalq aləmdə misli görünməmiş qələbələrə imza atıldığını diqqətə çatdırdı.
Sonra rayonun 2011-ci ildə sosial-iqtisadi inkişafı ilə bağlı hesabat film şəklində yığıncaq iştirakçılarına təqdim olundu.
Tədbirdə çıxış edən natiqlər 2011-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğuladılar.
Hesabat yığıncağına yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin 2012-ci ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla əlaqədar müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.