Nizami rayonunda “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib
28 fevral 2017 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyanın 2017-ci il iş və tədbirlər planına əsasən fevral ayının 28-də Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov giriş sözü ilə tədbiri açmış, “İslam həmrəyliyi ili” çərçivəsində 2017-ci ildə rayonda keçiriləcək tədbirlər və görüləcək işlər barəsində məlumat vermişdir. B.Hüseynov həmçinin qeyd etmişdir ki, islam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar işin təşkili sektorunun müdiri Afiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Aslan Sultanov, Fidan Aslanova və 32 nömrəli tam orta məktəbin direktoru Sevda Abdullayeva çıxış etmiş, dinin uzun bir tarixi dövr ərzində hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olduğunu vurğulamış, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkmiş, bu sahədə yeniyetmə - gənclərə dəyərli tövsiyələrini vermişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və belə tədbirlərin rayonun digər tədris müəssisələrində də keçirilməsi qərara alınmışdır.