Nizami rayonunda “İslam həmrəyliyi: dini radikalizmə və ekstremizmə yox deyirik!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
06 mart 2017 | 16:00
06 mart 2017-ci il tarixində 220 nömrəli məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyası yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “İslam həmrəyliyi: dini radikalizmə və ekstremizmə yox deyirik!” mövzusunda maarifləndirici tədbir keçirmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan olunmuş və bu məqsədlə yerlərdə müxtəlif məzmunlu tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bugünkü tədbirdə əsasən dini radikalizm və ekstremizm haqqında iştirakçılara geniş məlumatlar veriləcəyini qeyd edən B.Hüseynov müasir dünyada baş verən siyasi proseslərin, xüsusən müsəlman ölkələrindəki münaqişələrin, eyni zamanda bir sıra ölkələrdə islamafobiyanın geniş vüsət almasının İslam dünyasında həmrəyliyə nə qədər ehtiyacın olduğunu diqqətə çatdırmışdır.
Natiq vurğulamışdır ki, müsəlman ölkələri arasında münasibətlərin, həmrəyliyin istənilən səviyyədə olmaması, birlik nümayiş etdirilməməsi düşmən güclərinin fəaliyyəti üçün şərait yaratmışdır. Bu qüvvələr İslama qarşı açıq-aşkar düşmənçilik edir, İslam dünyasını bütövlükdə mühasirəyə alaraq onun kökünü zəiflətmək, imkanlarını məhdudlaşdırmaq üçün ciddi cəhdlər göstərirlər. Eyni zamanda, İslam dünyasının parçalanmasının dinimiz ilə heç bir bağlılığı olmayan terrorizm kimi neqativ halların yaranmasına, müsəlman ölkələrində daxili münaqişələrin baş verməsinə, on minlərlə insanın öz ölkələrindən didərgin düşməsinə gətirib çıxardığı qeyd edilmişdir.
B.Hüseynov bu günlərdə terrorizm, ekstremizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkildiyini, lakin terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ halların müsəlmanlara xas olmadığını, əksinə, müsəlmanların həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduqlarını nümayiş etdirdiyini və bütün bəşəriyyəti bu prinsiplərə sadiq olmağa səslədiklərini bildirmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı, ilahiyyatçı Samir Yoldaşov dini radikalizm və ekstremizm barəsində çıxış etmiş, onun törətdiyi bəlalardan və cəmiyyətə vurduğu yaralardan məlumatlar vermiş, yeniyetmə-gəncləri ayıq olmağa, bu cür təbliğatı aparan qüvvələrin təsirinə düşməməyə çağırmışdır.
220 nömrəli məktəb-liseyin direktoru N.Ağayeva çıxışında dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirici tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulamış və qeyd etmişdir ki, belə tədbirlərin mütəmadi olaraq təhsil müəssisələrində keçirilməsi zəruridir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, həmçinin sonda dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş etdirilmişdir.