Nizami rayonunda “İslam həmrəyliyi ili” çərçivəsində növbəti tədbir keçirilmişdir
28 mart 2017 | 16:00
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyanın 2017-ci il iş və tədbirlər planına əsasən mart ayının 28-də 12 nömrəli tam orta məktəbdə “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
B.Hüseynov həmçinin qeyd etmişdir ki, ölkəmiz müsəlman dünyasının bir parçasıdır və İslam dünyasında baş verən mənfi proseslər, tendensiyalar bizlər üçün də kədərlidir. Bu xoşagəlməz halların aradan qaldırılmasında, müsəlman ölkələrinin, xalqlarının sülh, sabitlik şəraitində yaşamasında dövlətimiz və xalqımız da maraqlıdır.
Bu il 12-22 may tarixlərində ölkəmizdə dünyanın 50-dən çox müsəlman dövlətinin 4000-dək idmançısının iştirakı ilə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bu, tək idman hadisəsi deyil, həm də sivilzasiyalararası əməkdaşlığın göstəricisidir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Fidan Aslanova, 12 nömrəli məktəbin direktoru Əli Alıyev çıxış etmiş, yeniyetmə-gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin böyük əhəmiyyət daşıdığını bildirmiş, gənclərin dini radikalizmin zərərli təsirlərindən qorunmaları üçün maarifləndirmə işlərinin ardıcıl olaraq aparılmasının vacibliyini vurğulamışlar.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş olunmuşdur.