Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Nizami rayonundan nümayəndələr Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyində olublar

31 mart 2017 | 16:00
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması faktları bütün dünyaya çatdırılıb. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir və tariximizdə baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur, Qarabağ, Naxçıvan və ölkənin digər ərazilərində azərbaycanlılar amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər talan edilərək dağıdılmışdır. Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1918-ci ildə ermənilər dinc əhaliyə qarşı vəhşiliklər, görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, memarlıq incisi sayılan binaları yerlə-yeksan etmişlər. 
31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti, Nizami Rayon Gənclər və İdman İdarəsi, YAP Nizami rayon təşkilatı, Nizami Rayon Mədəniyyət Mərkəzinin bir qrup nümayəndəsi 31 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyində olmuşlar.
Tarixi sənəd, faktlar və istintaq materialları əsasında qısa müddət ərzində yaradılan Memorial Soyqırımı muzeyi 24 fevral 2014-cü ildə açılmışdır.  Muzey XX əsrin əvvəllərindən bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib və Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Muzeyə gələn nümayəndələr  ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılmış, muzeyin tarix, deportasiya-repressiya, soyqırımı və terror bölmələrinə baxmış, muzeydə olan xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu və soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirən rəsm əsərləri ilə tanış olmuş, azərbaycanlıların soyqırımı və deportasiyası ilə bağlı faktları özündə əks etdirən sənədli filmlərdən ibarət video-çarxa baxmışlar.

Keçidlər