110 №-li körpələr evi-uşaq bağçasının əsaslı təmiri
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110 №-li körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Prezident İlham Əliyevə məlumat verilmişdir ki, 110 №-li bağça 1965-ci ildə inşa olunub. Son dəfə 1976-cı ildə əsaslı təmir edilib. Müəssisə 12 qrup olmaqla 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada fəaliyyət göstərən 7 qrupda 150 uşaq tərbiyə alır. Qalan 5 qrup otağında isə məcburi köçkünlər məskunlaşıb.
Diqqətə çatdırıldı ki, binanın ümumi sahəsi 1700 kvadratmetrdir. 6 korpusdan ibarət körpələr evi-uşaq bağçasının ikimərtəbəli binası dövlət başçısının tapşırığı ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bina isti və soyuq su ilə tam təchiz olunub.
Bağçanın bir hektarlıq həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülüb. Burada uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, təhlükəsizlik kameraları quraşdırılıb.