Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir

19 aprel 2017 | 16:00

19 aprel 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonunun 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov  iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd edib. O, dövlət başçısının regionda və dünyada beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin davam etdiyini, yeni risklərin yarandığını, ölkəmizin təhlükəsizliyini təmin etmək və potensial risklərdən qorumaq məqsədilə tədbirlər görüldüyünü, cari ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini söylədiyini bildirib. Həmçinin ilin birinci rübünün ümidverici olduğunu, həm proqnozların yerinə yetirildiyini, həm də siyasətin uğurlu olduğunu, bu ilin sonuna qədər müsbət dinamikanın saxlanılmasının vacibliyini vurğuladığını yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2017-ci ilin birinci rübündə Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.
İ.Mehdiyev respublikada olduğu kimi, Nizami rayonunda da hesabat dövründə uğurlar əldə olunduğunu, iqtisadi baxımdan rayonun inkişaf etdiyini, yenidənqurma və əsaslı təmir işləri aparıldığını qeyd edib.
2017-ci ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 100,6 milyon manat dəyərində sənaye məhsulu istehsal edildiyini, ixrac olunmuş malların dəyərinin  0,3 milyon manat təşkil etdiyini, əsas kapitala 1,1 milyon manat həcmində investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 517,6 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin 71,5 milyon manat olduğunu, rabitə sahəsində 84,0 milyon manat, nəqliyyat sahəsində isə 32,9 milyon manat dəyərində xidmətlər göstərildiyini diqqətə çatdırıb. Hesabat dövründə rayonda 503 yeni iş yeri açıldığını, 709 müvəqqəti iş yeri yaradıldığını, orta aylıq əmək haqqının 584,5 manat, orta pensiyanın məbləğinin 218,5 manat təşkil etdiyini bildirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15.02.2017-ci il tarixdən 26 №-li Şəhər poliklinikasında, 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında 18 yaşdan yuxarı rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsinə başlandığını və mart ayının 31-dək qeyd olunan kateqoriyadan olan 116 min 940 nəfərdən 37552 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 1550 nəfərin ambulator, 123 nəfəri isə stasionar müalicəyə cəlb olunduğunu nəzərə çatdırıb.
2017-ci ilin birinci rübündə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Milli Sağlamlıq Mərkəzinin tikintisində son tamamlama işlərinin görüldüyünü, Səhiyyə Nazirliyi tərəfindən 4 №-li Vərəm Əleyhinə Dispanserin həyətində Referens laboratoriyasının tikintisinin başa çatdırıldığını, həmçinin rayonda sahibkarlar tərəfindən 100 və 120 yerlik yeni 2 özəl uşaq bağçasının və 2 özəl klinikanın inşasının aparıldığını qeyd edib. Bundan əlavə, ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə hesabat verib.
İ.Mehdiyev, həmçinin,  rayon əhalisinin məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması, məhəllələrin abadlaşdırılmasının davam etdirilməsi, müxtəlif ünvanlarda olmaqla həmişəyaşıl ağacların əkilməsi, istiliklə təchizatın yaxşılaşdırılması məqsədilə müxtəlif ünvanlarda aşağıpaylayıcı və məhəllədaxili istilik xətlərinin dəyişdirilməsi kimi işlərin 2017-ci ildə yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov  2017-ci ilin birinci rübündə respublikamızda ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışıblar.
Yığıncaqda çıxış edən 18 №-li Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Şahmar Qədiməliyev, “Azərişıq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov hesabat dövründə görülən işlər barədə məlumat veriblər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

Keçidlər