Nizami rayonunda Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi yad edilmişdir
25 aprel 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 251 saylı tam orta məktəbdə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Qaranlığa nur saçan zəka" adlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ilinin tamam olduğunu qeyd edən 251 saylı tam orta məktəbin direktoru Aygün Əzizova onun 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açdığını, gözəl ana, vəfalı ömür-gün yoldaşı, insani keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq olduğunu diqqətə çatdırmışdır.
Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini söyləyən A.Əzizova onun elmi fəaliyyətinin zəngin və əhatəli olduğunu, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apardığını, dəyərli elmi-tədqiqat işləri yazdığını vurğulamışdır.
Tədbirdə çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Zərifə xanım Əliyevanın bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətlərə, dərin intellektə, geniş dünyagörüşünə sahib olduğunu, tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olduğunu, insanlarla səmimi, xoş münasibətinə görə sevildiyini, Azərbaycan qadınına xas olan bütün gözəl cəhətləri özündə cəmləşdirdiyini, bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş etdiyini bildirmişdir.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov cənab Prezidentimiz İlham Əliyevin anası, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, mənəvi dayağı olan, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın nurlu obrazının yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacağını, onun parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını söyləmişdir.
Tədbirdə Zərifə xanım Əliyevanın həyatı və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunmuş və məktəblilər "Qaranlığa nur saçan zəka" adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.