Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nizami rayon təşkilatının IX konfransı keçirilib

26 aprel 2017 | 16:00

Konfrans iştirakçıları Heydər Əliyev adına Neft Emalı Zavodunda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra VIII konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat videosu nümayiş etdirilib. Hesabatda bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızın bir parçası olan YAP Nizami rayon təşkilatı rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il 11 sentyabr tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 142 ərazi ilk partiya təşkilatında 13 minə yaxın insan birləşib. Üzvlərimizin sayı 2012-ci ilin əvvəlində 8848 nəfər idisə, bu rəqəm bu gün 12861-dir. VIII konfransdan ötən müddət ərzində partiya üzvlərinin sayında 4013 nəfərlik artım olub. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən çoxunu gənclər təşkil edir. Belə ki, 2013-cü ildə 4598 gənc partiya sıralarında birləşmişdisə, bu gün onların sayı 6097 nəfərdir. Biz burada təxminən 30 faizlik artım müşahidə edirik. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub. Əgər 2013-cü ildə onların sayı 4578 nəfər idisə, bu gün qadın partiyaçılarımızın sayı 5811 nəfərdir. Göründüyü kimi, ötən 3 il ərzində qadınların sayı da təxminən 30 faiz – 1233 nəfər artıb. Bununla yanaşı, rayon təşkilatının sıralarında 3 millət vəkili, 20 bələdiyyə üzvü, 65 elmlər namizədi, 14 elmlər doktoru və dosent yer alıb. Eyni zamanda, sıralarımızda 7 idman ustası, 28 Respublika çempionu, 5 Avropa, 2 Dünya çempionu və 2 Olimpiya və Paraolimpiya mükafatçıları var.
Hesabatla bağlı çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatı İdarə Heyətinin üzvü Dünyamalı Pənahov, rayon Rus İcmasının sədri Vitaliy Kovalyov və başqaları ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb. Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı daxili çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycanın müstəqilliyinin itirilməyə doğru getdiyini görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə, yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşərək, Yeni Azərbaycan Partiyasını yaratmağa nail oldular. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə təsis konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi qəbul edildi, ümummilli lider yekdilliklə partiyanın sədri seçildi. Beləliklə də müstəqil Azərbaycanın yeniliyə açıq partiyası – Yeni Azərbaycan Partiyası yarandı.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək deyib ki, Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zəruriyyətdən yaranmış bir partiyadır. Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrildi. Bu gün Prezident İlham Əliyev YAP-ın fəaliyyət istiqamətlərini daha da genişləndirərək, ulu öndərin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 minə qədər insanı toplaya bilib. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının kökündə yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sədaqət Vəliyeva yenidən YAP Nizami rayon təşkilatının sədri, Gülnaz İsrafilova, Ramin Əhmədov və Toğrul Seyidov sədrin müavinləri seçiliblər. Həmçinin, 77 nəfərdən ibarət Şura, 19 nəfərdən ibarət İdarə heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri əvəzsiz olmuş və bundan sonra da yüksək olacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğma, müstəqil ölkəmizin tərəqqisi, inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması yolunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq böyük öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcəkdir.
Sonda konfransın qətnaməsi qəbul edilib.

 

Keçidlər