Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində "Müstəqil Azərbaycan Naminə" adlı təsviri sənət sərgisi təşkil edilib

28 aprel 2017 | 16:00

28 aprel 2017-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Nizami Rayon İcra Hakimiyyəti, Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 201 №-li tam orta məktəb Palitra Art Studiyası tərəfindən "Müstəqil Azərbaycan Naminə" adlı təsviri sənət sərgisi təşkil edilib.
Sərgidə Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək, 28 aprel işğalından 97 il ötdüyünü, ölkəmizin Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldığını, milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiyanın bütün yollara əl atdığını söyləyiblər. 28 aprel 1920-ci ildən sonra bolşevik ideologiyasının xalqımızın azadlıq yanğısını söndürməyə, məhv etməyə çalışmasına baxmayaraq, millət, xalq, azadlıq anlayışlarını yaddaşlarında saxlayan ziyalılarımızın, vətənpərvərlərimizin işğalın ilk günündən başlayaraq mübarizə əzmini saxladıqlarını nəzərə çatdırıblar.
Bu gün xalqımızın azadlığa çıxdığını, müstəqil dövlətimizin olduğunu söyləyən natiqlər Azərbaycanın dünya birliyində, dünya dövlətləri içərisində, bütün beynəlxalq təşkilatlarda söz sahibi olduğunu, nüfuzlu bir ölkəyə çevrildiyini və müstəqil, azad Azərbaycanın gözəl gələcəyi olduğunu vurğulayıblar.
Daha sonra 201 №-li tam orta məktəbin direktoru Süsən Salmanova təşkil olunan sərgidə Azərbaycan xalqının yaddaşlarda hifz edilən mübarizə əzminin bir daha nümayiş etdirildiyini, Palitra Art Studiyasının üzvlərinin rəsm əsərlərində Müstəqil Azərbaycan anlayışının mətinliyini, dönməzliyini göstərməyə çalışdıqlarını bildirib.
S.Salmanova Palitra Art Studiyasının 2006-cı ildən fəaliyyət göstərən Palitra rəsm dərnəyi əsasında 2014-cü ildə yaradıldığını, Nizami rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin studiyanın üzvü olduqlarını və indiyə qədər respublika və beynəlxalq səviyyəli rəsm müsabiqələrində uğurla iştirak etdiklərini söyləyib.
Sərgidə 201 №-li tam orta məktəb Palitra Art Studiyasının 40 üzvünün sulu boya və qrafika texnikası ilə işlənmiş 120-dən artıq əsəri nümayiş etdirilib. Əsas mövzu xətti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi olmaqla təsvir olunmuş plakatlarla yanaşı, təsviri sənətin digər janrlarında olan rəsm əsərləri də sərgilənib. Əsərləri sərgilənən Palitra Art Studiyası üzvlərinin ən kiçiyinin 5, ən böyüyünün isə 17 yaşı olduğu söylənilib.
Bildirilib ki, təsviri sənət sərgisi 01 may 2017-ci il tarixinə qədər davam edəcəkdir.

 

Keçidlər