Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda aprel döyüşləri zamanı şəhid olmuş hərbi qulluqçuların xatirəsi anılıb

29 aprel 2017 | 16:00

29 aprel 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü münasibətilə “Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Kəşfiyyat qrup komandiri, baş leytenant, döyüş tapşırığını həyata keçirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirmiş Kamil Musəvi, olimpiya mükafatçısı Rasul Çunayev, döyüşlərdə şəhid olmuş Urfan Vəlizadənin, Tural Dadaşovun, Zakir Cəfərovun ailə üzvləri, rayon ictimaiyyəti və gənclər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhid olmuş hərbçilərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra “Aprel döyüşləri: Qəhrəmanlıq salnaməsi davam edir” filmi nümayiş etdirilib.
Filmdə 2016-cı ilin aprel ayında baş vermiş qısamüddətli müharibə zamanı ordumuzun göstərdiyi rəşadət, həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nizami rayon sakinləri haqqında ətraflı məlumat verilib, onların şücaəti haqqında kadrlar nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev 2016-cı il aprel ayının 1-5 tarixlərində baş vermiş dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri birləşmələrinin Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdiklərini, Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirdiklərini söyləyərək, Azərbaycan Ordusunun qüdrətini dünyaya göstərdiklərini və həqiqətən güclü ordularından biri olduğunu sübut etdiklərini diqqətə çatdırıblar. 
Natiqlər Aprel döyüşlərinin Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldığını, Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdiyini, dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdiyini bildiriblər.
Ötən ilin aprel ayında cəbhə xəttində Silahlı Qüvvələrin vurduğu sarsıdıcı zərbədən düşmənin hələ də özünə gəlmədiyini diqqətə çatdıran natiqlər, bu gün Ermənistan rəhbərliyinin qorxu içərisində olduğunu, aprel döyüşlərinin Ermənistanın bu günə qədər yaratdığı mifi darmadağın etdiyini söyləyiblər. Məhz Urfan, Tural, Natiq, Zakir kimi şəhidlərimizin, Kamil Musəvi kimi canlı qəhrəmanlarımızın cəsarəti nəticəsində bu gün ermənilərin məğlub olduqlarını etiraf etmək məcburiyyətində qaldıqlarını vurğulayıblar.
Natiqlər aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olduğunu söyləyiblər.
Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhunun da yüksək olduğunu bildirən natiqlər sülh danışıqları nəticə vermədiyi təqdirdə, əli silah tutan hər bir vətəndaşımızın işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu vurğulayıblar.
Döyüş tapşırığını yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən zabitimiz Kamil Musəvi çıxışında işğal edilmiş torpaqlarımızın tamamilə düşmənlərdən azad ediləcəyini, ərazi bütövlüyümüzün bərpa olunacağını diqqətə çatdırıb, bu gün gənclərin, eyni zamanda, vəzifəsindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Vətəni müdafiə etməyə, lazım gəldikdə canından keçməyə hazır olduğunu vurğulayıb, qələbə qazanmaq üçün möhkəm siyasi iradəsi olan Ali Baş Komandanımızın və bütün hərbi vəzifələri yerinə yetirmək qabiliyyətində olan ordumuzun olduğunu söyləyib.
Çıxışlardan sonra şücaətinə və cəsarətinə görə Kamil Musəvi Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının xüsusi təşəkkürnaməsi və hədiyyəsi ilə təltif edilib.
Sonra 238 №-li tam orta məktəbin IX sinif şagirdi Zeynalabdin Bağırzadə “Ümid sənədir ancaq Azərbaycan əsgəri” adlı şeirini söyləyib.
Tədbirin sonunda şəhid ailələri ilə görüş keçirilib.

Keçidlər