Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Həmrəyliyimiz birliyimizdir" adlı ümumrayon tədbiri keçirilib

01 may 2017 | 16:00

01 may 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Həmrəyliyimiz birliyimizdir" adlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak ediblər.
Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinin ümummilli liderin adı ilə sıx bağlı olduğunu,  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdiyini və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini aradan qaldırdığını söyləyib. A.Qasımov Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsinin, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atmasının, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsinin Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, onun əbədi, dönməz xarakter almasının, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinin və onun beynəlxalq nüfuzunun sürətlə artmasının Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Sədaqət Vəliyeva ulu öndərin müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanındığını, Azərbaycan xalqının ümummilli liderinə çevrildiyini qeyd edib. S.Vəliyeva Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün ulu öndərin hazırladığı strateji istiqamətlərin hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəyini vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdığını nəzərə çatdırıb. Natiq Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı əməkdaşlıq prinsiplərinin təşkil etdiyini söyləyərək, ulu öndərin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini, öz titanik fəaliyyətində həmişə xalqa arxalandığını, ən çətin anlarda ona müraciət etdiyini və eyni zamanda da Azərbaycan xalqının heç vaxt ondan öz dəstəyini əsirgəmədiyini söyləyib.
Tədbirin sonunda ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonda keçirilən yarışların müxtəlif nominasiyalar üzrə 50 qalibi mükafatlandırılıb.

Keçidlər