Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda tədbir keçirilib

24 may 2017 | 16:00

24 may 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, YAP Nizami rayon təşkilatı, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə “Şərqin ilk parlamentli respublikası: Azərbaycan Xalq Cümhuriyyəti” adlı tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar mərkəzin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Dövlət himninin səslənməsindən sonra şəhid olmuş igid əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatının hazırladığı “Azərbaycanımız: qorumalı olduğumuz sərvətimiz” adlı film nümayiş etdirilib.
Filmin nümayişindən sonra tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və Texnologiyalar üzrə Bakı Dövlət Peşə təhsili Mərkəzin direktoru Qalib Həsənov 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açıblar. Azərbaycan tarixinin şanlı səhifələrindən olan və müasir dövlətçilik tariximizdə önəmli yer tutan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu söyləyiblər. 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbul edildiyini, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyəti hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin – əlahiddə diviziyanın yaradıldığını və Azərbaycanda qadınlara seçki hüququnun verildiyini nəzərə çatdırıblar.
Natiqlər bu gün Cümhuriyyətin yaranmasından 99 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlının bu şanlı tarixlə qürur duyduğunu söyləyərək,  XX əsrin sonunda yenidən müstəqillik əldə edən Azərbaycan dövlətinin Ulu öndər Heydər Əliyevin zəngin siyasi təfəkkürü, idarəçilik təcrübəsi və rasional fəaliyyəti sayəsində ciddi təhdid və təhlükələr qarşısında olan müstəqilliyimizi qoruduğunu və müasir, güclü, nüfuzlu dövlət kimi çıxış edən və böyük bir regionda lider ölkəyə çevrilən Azərbaycanın təməlini qoyduğunu vurğulayıblar.  2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olacağını və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı sərəncam verdiyini xüsusilə qeyd ediblər.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Keçidlər