1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü silsilə tədbirlərlə qeyd olunmuşdu
24 may - 1 iyun tarixlərində rayonda 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü silsilə tədbirlərlə qeyd olunmuş, məktəbəqədər tərbiyə müəssisələrində bayram şənlikləri, idman yarışları, əyləncəli-musiqili tədbirlər, ümumtəhsil məktəblərində açıq dərslər, maarifləndirici tədbirlər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün konsert proqramları, ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir.
Mayın 24-də 32 №-li məktəbdə rayon məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyinin rəhbərlərinin iştirakı ilə VII-IX siniflərdə “Bizim hüquqlarımız” mövzusunda açıq dərslər keçirilmiş, uşaqların hüquq və vəzifələri barədə fikir mübadiləsi aparılmışdır.
Mayın 25-29-da 110 №-li uşaq bağçasında “Bizim dəcəllər” adlı musiqili tədbir, 59 №-li uşaq bağçasında “Kim sevirsə idmanı ...” adlı yarış, 31 №-li uşaq bağçasında bayram şənliyi təşkil olunmuşdur.
Mayın 29-da 238 №-li orta məktəbdə rayon Qeydiyyat şöbəsinin və 8 №-li Qadın məsləhətxanasının əməkdaşlarının iştirakı ilə “Erkən nikaha yol verməyin!” mövzusunda maarifləndirici tədbir keçirilmiş, belə nikahların yeniyetmə qızların sağlamlığına ciddi təhlükə yaratması və milli genofondumuza mənfi təsir etməsi diqqətə çatdırılmışdır.
Mayın 30-da 229 №-li məktəbdə əlil uşaqlar üçün bayram konserti təşkil olunmuş və 172 əlil uşağa hədiyyələr verilmişdir.
Həmin gün 62 №-li məktəb-liseydə “Bizimlədir xoşbəxt gələcək” mövzusunda ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə millət vəkilləri - Sədaqət Vəliyeva, Rasim Musabəyov, Sevinc Hüseynova, Məlahət İbrahimqızı, Azay Quliyev, İlham Məmmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Türkiyə səfirliyinin təhsil müşaviri Halis Koyunçuoğlu, Ombudsman aparatından, Alə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndələr, rayon məktəblərinin və paytaxtın bir sıra təhsil ocaqlarının direktorları, müəllimlər və valideynlər iştirak etmişlər. Məktəbin hazırlıq qrupu uşaqlarının ifa etdikləri musiqi nömrələri və “Qarabağ səhnəsi” adlı kompozisiya iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda uşaqlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.
Mayın 31-də rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində əqli və fiziki cəhətdən qüsurlu uşaqların – 3 №-li Xüsusi məktəbin, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 1 və 3 №-li respublika internat məktəbləri şagirdlərinin iştirakı ilə musiqili-əyləncəli tədbir keçirilmişdir.
İyunun 1-də 1 №-li Uşaq evində bayram tədbiri təşkil edilmiş, dərnək üzvlərinin hazırladığı “Ağıllı tülkü” tamaşasının nümayişi keçirilmişdir.