Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
01 iyun 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının ən aktual vəzifələrdən biri olduğunu qeyd edib. G.İsrafilova cənab Prezident İlham Əliyevin uşaqların sağlam və firavan böyüməsinin dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən etdiyini söyləyərək, Azərbaycanda uşaqlara qayğının hər zaman diqqət mərkəzində saxlanıldığını və ildən-ilə artdığını diqqətə çatdırıb.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova və Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva çıxış edərək, gələcəyin qurucuları olan uşaqların haqsızlıqlardan qorunmasının bəşəriyyəti daim narahat edən məsələlərdən olduğunu və iyunun 1-nin Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan edilməsinin məhz bu zərurətdən doğduğunu söyləyiblər. Natiqlər sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud uşaqların təhsilinin, reabilitasiyasının səmərəli təşkilinin təmin edildiyini, bu qəbildən olan uşaqların cəmiyyətə fəal inteqrasiyası, reabilitasiyası üçün yaradılan şəraitin dövlətin uşaqlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər.
Çıxışlardan sonra bayram tədbiri tanınmış müğənnilər tərəfindən konsert proqramı ilə davam edib.
Sonda Nizami Rayon Mədəniyyət Mərkəzi tərəfindən "Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin rəhbərliyinə, həmçinin müğənnilərdən Rahidə Baxış və Niam Salamiyə təşəkkürnamə təqdim edilib.